Azərbaycanda artıq ənənəvi olaraq təşkil edilən “Molla Nəsrəddin” – Azərbaycan - 2018” beynəlxalq karikatura müsabiqəsinin kataloqu hazırlanıb, çapdan çıxmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilmiş müsabiqəyə 58 ölkədən 325 karikaturaçı rəssam qatılmışdır. Dünyanın tanınmış karikatura ustalarının bir-birindən maraqlı və orijinal əsərlərinin hər birində dostluq, sevgi və doğmalıq açıq-aydın hiss olunurdu. 

 

Müsabiqənin münsiflər heyəti tərkibində Sergey Syçenko (İsrail), Oleq Qutsol (Ukrayna), Talal Nayer (Sudan), Valentin Georgiyev (Bolqarıstan) kimi tanınmış və peşəkar karikatura ustalarının iştirak etməsi səsvermənin şəffaflığına, qaliblərin təyin olunmasında obyektivliyinə təminat verirdi.

 

Mən, müsabiqəyə qatılan bütün həmkarlarıma, əziz dostlarıma, möhtərəm münsiflər heyətinə dərin təşəkkürümü bildirirəm. Müsabiqənin qaliblərini səmimi qəlbdən təbrik edirəm. Hörmətli həmkarlarıma, bütün işlərində uğurlar, yeni-yeni qələbələr arzulayıram! Hər birinizi yeni 2020-ci il münasibəti ilə təbrik edirəm.

 

Bayram Hacızadə

“Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin Münsiflər heyətinin sədri.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri.