Tofiq Məmmədov - Azərbaycan (2013) Viktor Tatarinsev - Azərbaycan (1990) Viktor Tatarinsev - Azərbaycan (1990)
Viktor Tatarinsev - Azərbaycan (1990) Vsevolod Ternavski - Azərbaycan (1990) Bayram Hacızadə - Azərbaycan (1991)
Hafiz Həhyayev - Azərbaycan (2013) Böyükağa Həhyayev - Azərbaycan (2000) Seyran Cəfərli - Azərbaycan (1991)
Çox mürəkkəb və hər an dəyişən müasir dünyamızda təəssüf ki, hələ də işğal, aqressiya, müharibələr, ikili standartlar, terorizm, seperatizm, insan hüquqlarının heçə endirilməsi kimi hallara rast gəlirik. Artıq 30 ilə yaxındır ki, Azərbaycanın 20% ərazisi qonşu Ermənistan tərəfindən işğal edilmişdir. Mənim atamın doğulub boya-başa çatdığı Qarabağ, eləcə də Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Cəbrayıl düşmən tapdağı altındadır. Bu zorakılıq və tarixi ədalətsizlik nəticəsində yüzlərlə azərbaycanlı qətlə yetirilmiş, minlərlə dinc vətəndaş xəsarət almışdır. 1milyona qədər insan evlərindən qovulub, qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olmuşlar. Onların evləri, mülkləri, kəndləri, torpaqları talan edilmiş, tarixi abidələrimiz, yüzlərlə ictimai bina, məktəb, xəstəxana, muzey yerlə yeksan olunmuş, böyük bir ərazinin bütün infrastrukturu dağıdılmışdır. Evsiz-eşiksiz qalmış, bütün hüquqları tapdalanmış bu insanların hər biri mənim qohumum, qardaşım, doğmam və əzizimdir. 30 ildir ki, mən də onlar kimi öz ata-baba torpağıma gedə bilmirəm, babalarımın qəbrini ziyarət edə bilmirəm.
Bu haqsızlığa biz 30 il dözmüşük. BMT, Avropa şurası, insan hüquqlarını müdafiə edən çoxsaylı təşkilatların və beynəlxalq ictimaiyyətin yüz minlərlə azərbaycanlının acı taleyinə göz yummayacağına, bu insanların tapdalanmış hüquqlarının nə zamansa bərpa olunacağına və nəhayət ki, ölkəmizin ərazi bütövlüyünün tezliklə təmin ediləcəyinə inanmışıq. Haqq və ədalətin zəfər çalacağını düşünmüşük...
Beynəlxalq təşkilatların yüksək tribunalarından insan hüquqlarından ağız dolusu danışan, dünyaya demokratiya ixrac edən liderlər, beynəlxalq institutlar və təşkilatlar nəyə görə bütün bu illər ərzində 1 milyon insanın hüquqlarını qorumaq üçün heç bir addım atmayıblar?... Aqressiyaya məruz qalmış ölkənin qanuni sərhədlərinin bərpa olunmasında kömək göstərməyiblər?... Axı bu insanların da hər biri bizim kimi ailə başçısı, iş və ya vəzifə sahibi, alim, rəssam, musiqiçi, müəllim və ya kənd təssərrüfatı ilə məşğul olan sıravi vətəndaşdır. Nəyə görə “Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılması” haqqında BMT-nin hələ 1993-cü ildə qəbul etdiyi qətnamələrinə, mötəbər beynəlxalq təşkilatların bəyanatlarına baxmayaraq ermənilər torpaqlarımızdan çıxarılmır?... Nəyə görə aqressora qarşı heç bir sanksiya tətbiq olunmur? Hansı sağlam düşüncəli insan bu vəziyyəti alqışlaya və ya qəbul edə bilər?
Bu gün bizim öz torpaqlarımızı azad etməyə, öz evlərimizə qayıdıb, düşmən tərəfindən dağıdılıb xarabalığa çevrilmiş kənd və şəhərlərimizi yenidən tikib, bərpa etməyə haqqımız var. Bu gün hər bir azərbaycanlı vəzifəsindən, dini və siyasi baxışından asılı olmayaraq ön cəbhədə olmağı özünə şərəf bilir. Bu gün hər birimiz bir nəfər kimi prezidentimizin ətrafında birləşərək doğma torpaqlarımızı azad etmək uğrunda döyüş meydanında, ön və arxa cəbhədə, informasiya cəbhəsində aqressorla vuruşuruq. Bu bizim üçün Vətən müharibəsidir, haqq və ədalət uğrunda apardığımız mübaribədir. Bu günlərdə hər birimiz əsgərik, son nəfərimizə, son nəfəsimizə qədər döyüşməyə hazırıq! Xoşbəxtəm ki, mənim də oğlum minlərlə əsgərimiz kimi döyüş bölgəsindədir. Biz, qəhrəman əsgərlərimizin qələbə müjdəsini səbirsizliklə gözləyirik.
Arzu edirəm ki, bu haqsızlığa nəhayət ki, son qoyulsun. Qarabağımız və Azərbaycanın digər işğal olunmuş rayonları nəhayət ki, düşmən tapdağından azad olunsun., insanlar öz torpaqlarına qayıtsınlar, rahat yaşayıb, yaradıb, əkib-biçsinlər, tikib abad etsinlər. Arzu edirəm ki, bu müharibə dünyada sonuncu müharibə olsun.
Əziz dostlar, bu günlərdə bizə dəstək olan hər bir dostumuza və qardaşlarımıza dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Hər zaman Sizi beynəlmiləl şəhər kimi şöhrət qazanmış Bakımızda, təkrarsız təbiəti ilə seçilən doğma Şuşamızda görməyə şad olaram!
Hörmətlə,
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, professor Bayram Hacızadə