Qədim tarixə və zəngin ənənələrə malik karikaturanın ilk əlamətlərinə Azərbaycanda XV-XVI əsrlərdə miniatüraçı rəssamlarımızın əsərlərində rast gəlmək olar. Bu sənət növü artıq müstəqil bir janr kimi Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin sonu, XX əsrin əvvəlində tanınmış, formalaşmış və inkişaf mərhələsinə qədəm qoymuşdur. Şərqdə ilk dəfə olaraq 1906-cı il aprelin 7-də Azərbaycanda «Molla Nəsrəddin» adlı həftəlik satirik jurnal işıq üzü görmüşdür. Jurnalın nəşri Azərbaycan xalqının həyatında mühüm mədəni hadisəyə çevrilmişdir. Jurnalın yaradıcısı, redaktoru və naşiri görkəmli yazıçı Cəlil Məmmədquluzadənin dediyi kimi, Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı, həyatın özü yaratmışdır. İctimai ziddiyyətlərlə dolu həyat, həm ədəbiyyatın, həm də təsviri sənətin qarşısında vəzifələr qoymuşdu. Azərbaycan ədəbiyyatında publisistikada böyük bir məktəb yaratmış «Molla Nəsrəddin» jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu. «Molla Nəsrəddin»in təsiri altında Bakıda azərbaycan dilində «Bəhlul»(1907), «Zənbur»(1909-1910), «Mirat»(1910), «Arı»(1910-1911), «Kəlniyyət»(1912-1913), «Lək-lək»(1914), Tuti(1914-1917), «Məzəli»(1914-1915), «Babayi-Əmir»(1915-1916), «Tartan-partan»(1918), «Şeypur»(1918-1919), «Məşəl»(1919-1920) kimi illüstrasiyalı jurnallar, eləcə də rus dilində «Cigit» (1907-1918), «Vay-Vay» (1908), «Bakinskoye Qore» (1908-1909), «Biç» (1909-1915), «Adskaya Poçta» (1909-1910), «Bakinskiye Streli» (1910), «Baraban» (1912-1913) və s. bu kimi jurnallar nəşr olunurdu. Daha uzun ömürlü olan «Molla Nəsrəddin» jurnalı müəyyən fasilələrlə 1931-ci ilə qədər çap olunmuşdur. Bu illər ərzində jurnalda görkəmli rəssamlar Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə, eləcə də B.Telinqator (Beno), Y.V.Çəmənzəminli, A.Qrinyevski, Xəlil Musayev, Cəbibəyov, V.Giladze, B.Səyid, Q.Xalıqov, İ.Axundov, H.Əliyev, Ə.Hacıyev, K.Dorş, H.Zeynalov və digərləri müxtəlif mövzulu əsərləri ilə çıxış etmişlər. «Molla Nəsrəddin» jurnalının 1921-ci ildə İranda nəşr edilməsi, Yaxın Şərqin sənət aləmində mühüm hadisə kimi qiymətləndirilməlidir. Məhz bu jurnalın təsiri altında qısa zaman ərzində (bu dövrdə jurnalın cəmi 8№-si çapdan çıxmışdır) qabaqcıl nasir və rəssamlar İran, eləcə də Yaxın Şərq mühitində baş verən problemlərə öz münasibətlərini bildirmək üçün imkan əldə etmişlər. Təbrizdə «Molla Nəsrəddin» jurnalının nəşrinə başlanarkən Cəlil Məmmədquluzadə azərbaycanlı rəssam Seyidəli Behzadı jurnala cəlb etmişdir. Cəlil Məmmədquluzadənin birbaşa təsiri və köməyi nəticəsində rəssam Əli Behzad karikatura janrının özünəməxsusluqlarına yiyələnmiş və qısa zaman ərzində böyük müvəffəqiyyətlər qazanmışdır. 1922-ci ildə nəşrini Bakıda, artıq sovet Azərbaycanında bərpa etmiş «Molla Nəsrəddin» jurnalına Ə.Əzimzadənin dəvəti ilə Q.Xalıqovun, İ.Axundovun, H.Əliyevin, K.Dorşun, Ə.Hacıyevin, H.Zeynalovun və digər rəssamların gəlişi artıq Azərbaycanda böyük karikaturaçı rəssamlar ordusunun olmağından xəbər verirdi. 1920-30-cu illər Azərbaycanda «Əqrəb», «Tikan», «Damğa», «İdarəmizin güzgüsü», «Məzəli», «Allahsız» və s. satirik jurnallar dərc olunmuş, rəssamlarımız öz karikaturaları ilə dövri mətbuat səhifələrində mütəmadi olaraq çıxış etmişlər.