“Molla Nəsrəddin” satirik jurnalının ilk nömrəsi (1906-1931)
Cəlil Məmmədquluzadə (1866 - 1932)“Molla Nəsrəddin” satirik jurnalının naşiri və baş redaktoru.
Qədim tarixə və zəngin ənənələrə malik karikaturanın ilk əlamətlərinə Azərbaycanda XV-XVI əsrlərdə miniatüraçı rəssamlarımızın əsərlərində rast gəlmək olar. Bu sənət növü artıq müstəqil bir janr kimi Azərbaycanda ilk dəfə, təxminən, XIX əsrin sonu, XX əsrin əvvəlində tanınmış, formalaşmış və inkişaf mərhələsinə qədəm qoymuşdur. Şərqdə ilk dəfə olaraq 1906-cı il aprelin 7-də Azərbaycanda «Molla Nəsrəddin» adlı həftəlik satirik jurnal işıq üzü görmüşdür. Jurnalın nəşri Azərbaycan xalqının həyatında mühüm mədəni hadisəyə çevrilmişdir. Jurnalın yaradıcısı, redaktoru və naşiri görkəmli yazıçı Cəlil Məmmədquluzadənin dediyi kimi, Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı, həyatın özü yaratmışdır. İctimai ziddiyyətlərlə dolu həyat, həm ədəbiyyatın, həm də təsviri sənətin qarşısında vəzifələr qoymuşdu. Azərbaycan ədəbiyyatında publisistikada böyük bir məktəb yaratmış «Molla Nəsrəddin» jurnalı, eyni zamanda təsviri sənətimizdə də yeni bir məktəbin yaranmasına səbəb oldu.
«Molla Nəsrəddin»in təsiri altında Bakıda azərbaycan dilində «Bəhlul»(1907), «Zənbur»(1909-1910), «Mirat»(1910), «Arı»(1910-1911), «Kəlniyyət»(1912-1913), «Lək-lək»(1914), Tuti(1914-1917), «Məzəli»(1914-1915), «Babayi-Əmir»(1915-1916), «Tartan-partan»(1918), «Şeypur»(1918-1919), «Məşəl»(1919-1920) kimi illüstrasiyalı jurnallar, eləcə də rus dilində «Cigit» (1907-1918), «Vay-Vay» (1908), «Bakinskoye Qore» (1908-1909), «Biç» (1909-1915), «Adskaya Poçta» (1909-1910), «Bakinskiye Streli» (1910), «Baraban» (1912-1913) və s. bu kimi jurnallar nəşr olunurdu. Daha uzun ömürlü olan «Molla Nəsrəddin» jurnalı müəyyən fasilələrlə 1931-ci ilə qədər çap olunmuşdur.