Fevral ayının 16-da İsrailin Xayfa şəhərində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Bayram Hacızadənin “Tolerantlıq” adlı fərdi sərgisi açılmışdır. İsrail Karikaturaçılar Birliyinin və İsrail Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunmuş sərgidə rəssamın 60-a yaxın müxtəlif mövzulu əsərləri nümayiş edilmişdir.

    Sərginin açılışında proektin rəhbəri, tanınmış karikatura ustası Boris Erenburq, İsrail Karikaturaçılar Birliyinin sədri Nimrod Reşef və digər qonaqlar çıxış etmışlər. Onlar belə sərgilərin xalqlar və mədəniyyətlər arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini xüsusilə vurğulamışlar. Hal-hazırda İsraildə yaşayan, tanınmış karikatura ustası, uzun illər “Kirpi” satirik jurnalının bədii redaktoru vəzifəsində çalışmış Adil Quliyev (Adil Elçin) sərginin açılışında çıxış etmiş, nümayış olunan karikaturalarda tolerantlıq ruhunun yüksək olmasını vurğulamışdır. Sərgidə İsrailin tanınmış karikaturaçıları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, İsrail-Azərbaycan dostluq cəmiyyətinin üzvləri, eləcə də İsraildə yaşayan azərbaycanlılar iştirak etmişlər.