2018-ci il, may ayının 16-da Milli İncəsənət Muzeyində Bayram Hacızadənin fərdi sərgisinin açılışı baş tutdu. Sərgi rəssamın 50 illik yubileyinə həsr olunmuşdu. Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqı idi. Sərgidə Bayram Hacızadənin yaradıcılığının son 30 ilini əhatə edən “Kirpi” satirik jurnalında, dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturalar, rəssamın beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş olundu.
Tədbirdə Bayram Hacızadənin müəllifi olduğu “Kirpi”nin Rəssamları” adlı kitabının təqdimatı da keçirilmişdir. Üç cilddən ibarət kitabda 1952 - 1991-ci illər “Kirpi” satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.