Dekabr ayının 7-də Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın Əməkdar İncəsənət xadimi Bayram Hacızadənin fərdi sərgisi açılmışdır. Taras Şevçenko adına Ukrayna Milli Muzeyində təşkil olunmuş Bayram Hacızadənin Satirik Qrafikası adlı sərgidə rəssamın beynəlxalq müsabiqələrdə və bienallarda mükafatlar almış, müxtəlif albom və kataloqlarda dərc olunmuş 70 əsəri nümayiş edilmişdir.
Sərgidə Ukraynanın ictimaiyyət nümayəndələri, rəssamlar, mətbuat işçiləri, rəsmi şəxslər, eləcə də Azərbaycan Respublikasının Ukraynadakı səfirliyin əməkdaşları iştirak etmişlər.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və Ukrayna Karikaturaçılar Assosiasiyasının birgə layihəsi olan bu sərgi karikaturaçı rəssam Bayram Hacızadənin yaradıcılıq fəaliyyətinin 30 illiyinə həsr olunmuşdur. Rəssamın Tolerantlıq başlığı altında fərdi sərgiləri bu ilin axırına qədər Belarusiyada, Rusiyada, İsraildə və Türkiyədə də keçiriləcəkdir.